• MƏDƏNİYYƏT

    09:20 2 mart 2019

Elbay Qasımzadə Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşməsini təklif edib

“Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində çox böyük işlər görülüb - şəhərlərimizin abadlığı, yeni-yeni memarlıq əsərlərinin yaranması, tarixi irsimizin qorunub saxlanılması, memarlıq abidələrinin bərpası. Bu işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

E. Qasımzadə xatırladıb ki, Azərbaycanın abidələrə olan diqqət beynəlxalq peşəkar qurumlar tərəfindən də yüksək qiymətləndirilir: “Ötən ilin mart ayında Siz Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini qəbul edərkən bu yüksək qiymətləri onların özlərindən eşitdiniz. Onlar bunu söylədilər və inanın ki, biz o görüşdən ayrılandan sonra Sizin memarlıq, memarlıq sənəti haqqında yüksək peşəkarlıq səviyyəsində verdiyiniz məlumat onlara çox böyük təəssürat bəxş etdi. Bunun sayəsindədir ki, Azərbaycan memarlığı bu gün dünyada tanınır. Beynəlxalq Memarlar İttifaqının 134 üzvü var. Yalnız 25 nəfər Şuranın üzvü var və onlardan biri də Azərbaycan təmsilçisidir. Bu, həqiqətən böyük nailiyyətdir. Bu nailiyyətə biz Sizin səyləriniz nəticəsində gəlib çıxmışıq”.

E. Qasımzadə qeyd edib ki, bu il iyunun 7-11-də Bakıda tarixi şəhərlər və turizm mövzusunda beynəlxalq forum keçiriləcək. O, Prezidenti və birinci xanımı forumun açılışında iştiraka dəvət edib.

E. Qasımzadə qeyd edib ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib: “ Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu, təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik”.

E. Qasımzadə, həmçinin, yaradıcılıq ittifaqlarının fəaliyyətinin tənzimlənməsi üçün yeni qanun qəbul edilməsini təklif edib.

Sədr memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynova Bakıda heykəl ucaldılması barədə də təkliflə çıxış edib.

Qeyd edək ki, Prezident İlham Əliyev yekun nitqində E. Qasımzadənin təkliflərinə münasibət bildirib: “Mən memarlıqla bağlı səslənən təklifləri də bəyənirəm. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız. Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər. Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir”.

Prezident Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparılmalı olduğunu bildirib: “Mən həmişə demişəm ki, təmir zamanı binaların tarixi görkəmi saxlanmalıdır. Bu, əsas prinsip olmalıdır. Son illərdə şəhərimizin əsas tarixi binaları əsaslı şəkildə bərpa olunub və onların tarixi siması qorunub”.

Dövlət başçısı tanınmış memarların şərəfinə abidələrin ucaldılması məsələsinə də Mədəniyyət Nazirliyi ilə birlikdə baxılması barədə tapşırıq verib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR