• MƏDƏNİYYƏT

    15:29 24 fevral 2019

Əli bəy Hüseynzadənin anadan olmasından 155 il ötür

Bu gün görkəmli Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin anadan olmasından 155 il ötür.

ONA-nın xəbərinə görə, Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) 1864-cü il fevralın 24-də Salyanda anadan olub.

Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirən Ə.Hüseynzadə uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.

Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı.

1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olan Ə.Hüseynzadə burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alaraq, imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyənin İstanbul şəhərinə gəlir və burada Darülfünunda hərbi tibb fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda hərbi tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. Burada da inqilabçı Gənc Türklər hərəkatına qoşulduğundan və "İttihad və Tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır.

Öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışan Əli bəy Hüseynzadə 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Ziya Gökalp “Türkçülük nasıl doğdu” məqaləsində yazır ki, “Əli bəy Hüseynzadənin üçlü düsturu (Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq) bütün türk dünyasında yeni üfüqlər açdı. Bu səssiz-səmirsiz inqilabçı məmləkətimizdə türkçülüklə xalqçılığın bir mürşidi idi”.

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: Saida bəyim, Səlim Turan, Feyzavər.

Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən Ə.Hüseynzadə bu sahələrin hər birində özünəməxsus iz qoyub. Ömrünün 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadəni 1940-cı ildə 76 yaşında İstanbulda vəfat edir, Qaraca Əhməd məzarlığında dəfn olunur.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR