Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XX əsrin görkəmli Azərbaycan şairi, “Molla Nəsrəddin” ədəbi məktəbinin fəal nümayəndəsi Əli Nəzminin şəxsi arxivinin təsviri kitab halında çapdan çıxıb.
ONA-nın xəbərinə görə, şairin Əlyazmalar İnstitutunda mühafizə olunan 109 saxlama vahidindən ibarət arxiv materialları sistemli şəkildə kitabda təsvir olunub.
Kitabda Ə.Nəzminin arxivinə aid olan mənzum əsərləri, pyesləri, tərcümeyi-hal və xatirələri, şəxsiyyətinə dair sənədlər, ona yazılmış məktublar, eləcə də müxtəlif sənədlər barədə məlumat verilir. Arxivin təsviri zamanı əlyazmaların, o cümlədən sənədlərin dili və üslubu olduğu kimi saxlanılıb.
Kitabı tərtibatçıları Əlyazmalar İnstitutunun əməkdaşları Könül Bağırova və Aytən İmanovadır. Kitabın redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.
Sözügedən nəşr Əli Nəzmi irsinin tədqiqatçıları üçün dəyərli məlumat mənbəyidir.