• MƏDƏNİYYƏT

    11:08 28 fevral 2019

Əməkdar artist Şəhriyar İmanov konsert verib

Fevralın 27-də Azərbaycan Milli Konservatoriyasında tar ifaçısı, əməkdar artist Şəhriyar İmanovun konserti keçirilib.

ONA xəbər verir ki, konsert zamanı “Şəhriyar İmanovun təqdimatında caz və pop repertuarı” not kitabı da təqdim olunub.

Kitabda XX əsrin çox məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada verilib. Layihə İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilib.

Giriş sözü ilə çıxış edən Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi bildirib ki, Azərbaycan musiqisinin şah aləti olan tarın çox mahir ifaçıları olub: “Şəhriyar da gənc olmasına baxmayaraq, bu alətin tanıdılmasında lazımi işlər görür. O, Azərbaycan klassik tar ifaçılığının da gözəl bilicisidir. Amma Şəhriyar daha çox özünəməxsus ifaçılığı ilə tanınır. Onun yeni çalğı üslubunu tənqid edənlər də olub. Biz bu halları görürdük. Çox şükür olsun ki, o günlər geridə qaldı. Mən həmişə bilirdim və əmin idim ki, onun ifaçılığı Azərbaycan musiqi sənətinin inkişafı və Azərbaycan musiqi sənətinin dünyada tanıdılması baxımından çox mühüm işlərdən biridir. Şəhriyarın Azərbaycanın hüdudlarından kənarda etdiyi çıxışlar hamımızın fəxri, Azərbaycan tarının və özünün qələbəsidir”.

Daha sonra İsveçrə səfirinin müavini Simone Haeberli çıxış edib. “Şəhriyar İmanov Şərq və Qərb musiqisini birləşdirməklə Vaqif Mustafazadə ənənəsini davam etdirib. Kitabda bir sıra məşhur mahnıların tar və piano üçün transkripsiyası təqdim edilib”, - deyə o, bildirib.

Şəhriyar İmanov isə öz növbəsində kitabın yaranması haqqında danışıb: “Bir neçə ay əvvəl İsveçrə səfirliyinə layihəni təqdim etdik. Kitabda on məşhur Qərb ifası yer alır. Kitabın ərsəyə gəlməsi üçün bir neçə ay çalışmışıq. Ümid edirəm, kitab təhsil müəssisələrində dərslik kimi istifadə ediləcək”.

O, əlavə edib ki, konsertdə ifa ediləcək on əsərin hər biri kitabda əksini tapıb.

Layihənin rəhbəri, bəstəkar Firudin Allahverdi isə tar ifaçılığını bitirdiyini deyib: “Mən bilirəm ki, insan tarla bir müddət əlaqə saxlayandan sonra heç vaxt ayrıla bilmir, daim qayıtmaq istəyir. Düşünürəm ki, bunun səbəbləri təkcə metafiziki deyil, həm də fizikidir. Tarın imkanları o qədər zəngindir ki, istər ifaçı, istər dinləyici kimi insan daim nələrsə kəşf edəcəyinə inanır. Bu baxımdan layihədə əməkdaşlıq etmək ürəyimcə oldu. Düşünürəm ki, hazırladığımız kitab dərslik kimi istifadə olunacaq”.

Tədbir bədii hissə ilə davam edib. Konsertdə “Strangers in the night”, “Autumn leaves”, “Historia de un amor” “Yesterday” və başqa ifalar səsləndirilib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR