2020-ci ilin noyabrın 1-də Ermənistan tərəfindən Şuşa şəhərindən çıxarılan xalçalarla bağlı Mədəniyyət Nazirliyi müfəssəl arayış hazırlayaraq Xarici İşlər Nazirliyinə təqdim edib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən il fevralın 20-də Ermənistanın A.Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda həmin xalçalardan ibarət sərgi təşkil olunub: “Xalçaların 2011-ci ildən etibarən Şuşada fəaliyyət göstərmiş xalça muzeyində sərgiləndiyi və muzeyin qurucusu olan erməni əsilli kolleksiyaçının şəxsi kolleksiyasına aid olduğu iddia edilib. Bununla əlaqədar sözügedən sərgidə nümayiş etdirilən xalçalara dair Azərbaycan Milli Xalça Muzeyində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin Ekspert Komissiyası tərəfindən Azərbaycan və ingilis dillərində müfəssəl arayışlar hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim olunub”.