"Erməni vandalizminin nəticələrinin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində yaranan dağıntılar əsasında açıq səma altında kompleksin yaradılması planlaşdırılır. Bununla bağlı hazırda yerli və xarici ekspertlər tərəfindən müvafiq konsepsiyasının hazırlanması istiqamətində işlər aparılır".
Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində açıq səma altında işğal muzeylərinin yaradılması və xatirə komplekslərinin inşası planlaşdırılır: "Erməni vandalizminin dünyaya çatdırılması, beynəlxalq aləmə əyani göstərilməsi baxımından açıq səma altında muzeylərin təşkili və bu muzeylərdə ermənilərin viran qoyduğu şəhər və kəndlərimizin dağıntılarının nümayişi mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar yerli və xarici mütəxəssislərin səyi nəticəsində qısa müddət ərzində konsepsiyası hazırlanan Ağdam İşğal və Zəfər muzeyləri kompleksi, Cəbrayıl Memorial Kompleksi, Füzuli Memorial Kompleksinin ölkə başçısı tərəfindən cari ildə təməlləri qoyulub. Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən artıq bu komplekslərin layihələndirilmə işlərinə başlanılıb".