Fikrət Əmirovun 100 illik yubileyi qeyd ediləcək
  • MƏDƏNİYYƏT

  • 14:10 15 Mart 2022

Fikrət Əmirovun 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

ONA xəbər verir ki, Sərəncamda deyilir:

“2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun

2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir”.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR