• MƏDƏNİYYƏT

    19:47 28 mart 2019

Frankofoniya günlərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakıda Frankofoniya günlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

ONA-nın xəbərinə görə, konfransda çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib ki, builki Frankofoniya tədbiri ötən illərlə müqayisədə daha zəngin proqrama malikdir.

Onun sözlərinə görə, Frankofoniya günləri 15 səfirliyin birgə fəaliyyəti nəticəsində baş tutacaq və Fransa səfirliyi bu il 6 tədbir təşkil edəcək.

Belçikanın Azərbaycandakı səfiri Bert Şufs bildirib ki, səfirlik Frankofoniya günləri çərçivəsində Azərbaycan radiolarının birində dünya şöhrətli belçikalı musiqiçi Jak Brelə həsr olunmuş xüsusi proqram təqdim edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis qeyd edib ki, Frankofoniya günləri müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirir: "Biz bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan məmnunluq duyuruq. Ümid edirəm, bu il Frankofoniya günlərində iştirak edənlərin sayı artacaq".

Konfransda Rumıniya, Fransa, Meksika, Mərakeş, Latviya və Yunanıstanın Azərbaycandakı səfirləri çıxış edib. Meksika səfiri bildirib ki, bu il Meksika səfirliyi 4 tədbir, o cümlədən 3 məşhur yazıçı haqqında konfrans təşkil edəcək. Onun sözlərinə görə, müasir Meksika ədəbiyyatını Fransasız təsəvvür etmək mümkün deyil və fransız dili hazırda Meksikada ikinci ən çox danışılan dildir.

Qeyd edək ki, Frankofoniya festivalı 30 mart-15 apreldə baş tutacaq. Frankofoniya günləri çərçivəsində film festivalı, konsertlər, sərgilər, mühazirələr və uşaqlar üçün məşğuliyyətlər təşkil olunacaq.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR