Gəncədə dahi şair İmadəddin Nəsiminin canlı portreti yaradılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəfəkkir İmadəddin Nəsiminin canlı portreti yaradılıb. Portret Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, gəncəli gənc Mobil Qarayevin təşəbbüsü ilə ərsəyə gəlib. Dahi şairin canlı portretinin yaradılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, struktur rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri də izləyiblər.
Layihənin rəhbəri Mobil Qarayev qeyd edib ki, bu, minlərlə gəncin iştirakı ilə Gəncənin baş meydanında yaradılan ikinci portretdir: “Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il “Nəsimi ili” elan edilib. Sərəncamdan dərhal sonra layihəni reallaşdırmaq qərarına gəldim. Layihə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndi. Bu gün isə gənclərimizlə birgə onu həyata keçirtdi”.
O həmçinin bildirib ki, bu cür layihələr davamlı olacaq. Növbəti mərhələdə Gəncənin baş meydanında 10 dahi şəxsiyyətin biri-birini əvəzləyən portretlərinin, futbol xoreoqrafiyasının qurulması planlaşdırılır.
Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib.