Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.
Akademiyanın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədqiqatlar zamanı qeyd olunan ərazidə kurqanlar və yaşayış yeri aşkarlanıb. Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırılıb. Ümumi sahəsi 3 ha.dan artıq olan yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrüfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilib. Əldə edilən saxsı məmulatları formalarına, növlərinə, dekor rənglərinə və hazırlanma texnologiyasına görə fərqlənir. Şirli saxsı qabların əksəriyyəti bir və ya daha çox rəng çalarlarından istifadə edilməklə naxışlanıb.
İlkin tədqiqatlar nəticəsində yaşayış yerinin X-XIII əsrlərə aid olduğu ehtimal edilir.
Qeyd edək ki, gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri zamanı abidənin dövrü haqqında daha dəqiq məlumat əldə ediləcək.