• MƏDƏNİYYƏT

    12:08 26 aprel 2019

“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”

İçərişəhərin Kiçik Qala küçəsində yaxın ərazidə yerləşən iaşə obyektləri 10 ildir fəaliyyət göstərir.

ONA-nın xəbərinə görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq təmir etmək qərarına gəlib: “Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Layihə yay aylarında bitəcək. İşlər “Manqal”, “Sehrli təndir” restoranlarını əhatə edir. Köhnə divar rekonstruksiyaları yeniləri ilə əvəz edilir. Tikinti işlərinin bitməsinə az qalıb”.

R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır: “Müxalif qüvvələr hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir. Biz hamımız bilirik ki, idarə yaradıldığı 10-12 il ərzində ölkə başçısının və birinci vitse-prezindetin qayğısı ilə nə qədər abidəni bərpa edib. Müxalif qüvvələr bu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək. Kimlərsə istəyir ki, onlara diqqət göstərilsin. Bu fotoları birinci təqdim edən insan hüquqşünasdır, mən özüm də hüquqşünasam. Ona üzümü tutub demək istəyirdim ki, İçərişəhər haqqında sənədləri oxusun, görsün ki, İçərişəhər harada başlayır, harada bitir. O, təklif vermək istəyəndə, bizi savadsız göstərmək istəyəndə özü dediyi məlumatları əsaslandırmalıdır”.

R.Qasımov bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir: “İdarə təzə yaradılan zamanı biz qərara almışdıq ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək. 1954-cü ildə burada guya restavrasiya işləri aparılıb. Erməni memar tərəfindən həmin bürc ləğv edilib. Ləğv edilən bürc 2011-ci ildə bərpa edilib. Biz çox şadıq ki, o vaxt ölkə başçısı tərəfindən bu təklif qəbul edildi və bürc bir il ərzində tikildi. Həmin şəkil də 2012-ci ildə çəkilib. Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar. Bəlkə də xarici turistlər İçərişəhəri yerli sakinlərdən daha çox ziyarət edir. Həmin şəkilləri paylaşanlar sübut edirlər ki, ən azı 8 il İçərişəhərdə olmayıblar”.

R.Qasımov əlavə edib ki, restoranlar olan ərazilərdə çirkab suların axması problemi tam həll olunub: “Obyektlər təxminən 1 metr aralıda tikilib. Ara məsafəsində görə qala divarlarına həm nəmişlik olmayacaq, həm də şüşə konstruksiya sayəsində qala divarları görünə biləcək. Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub. Yeni dizaynda onlar daha keyfiyyətli şəkildə vətəndaşların xidmətinə veriləcək. Mən hesab edirəm ki, restoranlar orada normal fəaliyyəti göstərirsə, onların ləğv edilməsi məqsədəuyğun deyil. Bu, nə dövlətin, nə də idarənin məqsədidir. Oradakı beton platforma da heç bir halda qalaya zərər vermir. Biz bu quraşdırma işləri zamanı mütəxəssislərin fikirlərini öyrənmişik. Əgər gələcəkdə nəsə təhlükə olsa, biz yenidən mütəxəssisləri dəvət edəcəyik. Hazırkı konstruksiyalar bütövlükdə qala divarının görünüşünü də qoruyur”.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR