İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri aparılır.
Bu barədə ONA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilir ki, layihəyə əsasən, 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.
Bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən aparılır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işlərinin əksəriyyəti bu şirkət tərəfindən həyata keçirilib.
“İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib: “Təbii ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır. Bununla bağlı olaraq Qoruq İdarəsi başladığı missiyanı uğurla davam etdirərək hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir”.