İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı açıq respublika rəsm müsabiqəsi elan edilib.
ONA xəbər verir ki, müsabiqəni Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Rəssamlar İttifaqı birlikdə keçirir.
Müsabiqənin məqsədi şairin həyat və yaradıcılığına müstəqil, yaradıcı rəssam baxışını əyaniləşdirmək, onun alt qatı oxucularını düşündürmək və duyğulandırmaq gücündə olan poeziyasının obrazlı-bədii tutumda ifadəsinə imkan verən yeni-yeni rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin, o cümlədən kitab qrafikası nümunələrinin yaradılmasına nail olmaqdır.
Müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxış keçiriləcək. Heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafatlar və diplomlar təqdim ediləcək.
Kitab qrafikası üzrə müsabiqəyə təqdim olunan əsərlər qrafikanın bütün texnikalarında (rəsm, ofort, linoqravüra, ksiloqrafiya, litoqrafiya, akvarel, qarışıq texnika və s.) yerinə yetirilə bilər. Bu nominasiya üzrə illüstrasiya-əsərlərin ölçüləri A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim olunmalıdır.
Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” yazılmalıdır.
Münsiflər heyəti tərəfindən seçilərək I, II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülən əsərlər Mədəniyyət Nazirliyinə (Azərbaycan Dövlət Rəsm Qalereyasına) təhvil verilməlidir.
Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:
I yer (bir nəfər)- 10 000 manat
II yer (bir nəfər)- 7000 manat
III yer (bir nəfər)- 5000 manat
Həvəsləndirici mükafat:
8 nəfər hər biri - 1000 manat
Hazır əsərlər 2019-cu il oktyabrın 10-dan 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Bakı şəhəri, Neftçilər prospekti, 49, Muzey Mərkəzinin 1-ci mərtəbəsində 11-ci otaq, əlaqə telefonları; + 994 493 93 85, +994 12 493 86 33) təqdim olunmalıdır.