• MƏDƏNİYYƏT

    13:25 22 oktyabr 2021

İşğaldan azad olunmuş ərazilərdə abidələrin vəziyyəti ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən aparılan ilkin monitorinqlərin nəticələri açıqlayıb.

APA-nın xəbərinə görə, ilkin monitorinqin nəticələrinə əsasən Ermənistan Silahlı Qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur.

İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.

Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 144 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib.

Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR