Aprelin 19-da Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
ONA xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının da təqdimatları olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ölkə Prezidentinin xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti verdiyi sərəncama əsasən, “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazası hazırlanıb: "Elektron bazaya İsmayıl Şıxlının ən xırda hekayələrindən tutmuş, irihəcmli romanlarına qədər bütün yaradıcılığı daxil edilib. Oxucular bu bazadan istifadə etməklə görkəmli yazıçının yaradıcılığı ilə yaxından tanış ola bilərlər”.
Akademik Nizami Cəfərov kitabın nəşrinə görə minnətdarlığını bildirib: "Belə bir kitabın çapı çox əhəmiyyətlidir. İsmayıl Şıxlı böyük yazıçı olmaqla yanaşı, böyük şəxsiyyət idi. Mən yaxşı bilirəm ki, çox adam İsmayıl Şıxlının "Dəli Kür" romanını oxumayıb, filminə də baxmayıb. Amma onun adı xalq arasında hamı tərəfindən tanınır. Bu, hər adama qismət olmur".
Xalq şairi Nəriman Həsənzadə qeyd edib ki, İsmayıl Şıxlı öz obrazını yaratmış yazıçılardandır: "Mən düşünürəm ki, nə vaxtsa onun obrazını ədəbiyyatda yaradanlar olacaq. Düzdür, İsmayıl Şıxlı sanki Cahandar ağa obrazı ilə hardasa öz obrazını yaradıb. Ancaq bununla belə onun şəxsiyyətinə müraciət edənlər olacaq".
Millət vəkili Tahir Rzayev isə İsmayıl Şixlı haqqında yazdığı dissertasiyası haqqında məlumat verib: “Mən təəssüf ki, onu yaxından tanımırdım, lakin özümə borc bildim ki, onun haqqında nəsə yazım və bu, mənim "Müasir Azərbaycan nəsrində epos ənənəsi (İsmayıl Şıxlının" Dəli Kür" romanı əsasında) dissertasiyamda öz əksini tapdı. Elə bilirəm, bununla nisbətən də olsa, borcunu verə bildim".
Daha sonra professor Buludxan Xəlilov, professor Qəzənfər Paşayev və başqaları çıxış ediblər.