Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.
ONA-nın xəbərinə görə, sənəddə mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.
May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş gecə gerçəkləşəcək.
Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap olunması və təqdimatı, “Xalq yazıçı İsmayıl Şıxlı - 100” mövzusunda kitab sərgisinin təşkili nəzərdə tutulur.
Tədbirlər planında Azərbaycanın Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.
Mədəniyyət Nazirliyi Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Xalq yazıçı İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsini planlaşdırır.
Bakı Xoreoqrafiya Akademiyasında “Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili, Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.
Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında yazıçının anım gecələri keçiriləcək, AYB-nin mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.