Bu gün Bakıda , Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində "Jara" Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında festivalın təşkilatçısı, Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarov, Rusiya şou-biznes nümayəndələri Filip Kirkorov, Ani Lorak, Qriqoriy Leps, Lolita, Yana Çurikova və digərləri iştirak ediblər.
E. Ağalarov bildirib ki, "Jara" Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha geniş şəkildə keçirilir. Festival dörd gün davam edəcək. Bu dəfə 70-dən çox müğənninin iştirakı nəzərdə tutulur: “Mən hər il bizim ölkəyə təşrif buyuran müğənnilərə təşəkkürümü bildirirəm. İnanıram ki, dörd gün ərzində olduqca maraqlı festival olacaq”.
F. Kirkorov festivalın təşkilinə görə, E. Ağalarova minnətdarlığını çatdırıb və iyulun 26-da Xalq artisti Aygün Kazımov ilə birlikdə mahnı ifa edəcəklərini qeyd edib.
Qeyd edək ki, "Jara" Beynəlxalq Musiqi Festivalı iyulun 25-dən 28-dək keçiriləcək.