Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb.
Yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb.
Mədəniyyət Nazirliyindən Lent.az-a verilən məlumata görə, aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilib.
Şəraitə uyğun olaraq, abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar edilib.
İkinci kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.
“Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılıb. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib.
Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.
Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin, sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.
Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.
Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.