• MƏDƏNİYYƏT

    17:34 14 mart 2019

Kinostudiyanın direktoru: “Bu sərəncam Azərbaycan kinosunun sonuncu şansıdır”

“Bu sərəncam nəticəsində peşəkar kino sahəsi qorunub saxlanmaqla yanaşı, qeyri-neft sektoru kimi Azərbaycanda kino sektoru gəlir verə bilən sahəyə çevrilə bilər”.

Bu sözləri ONA-ya açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

O, kino sahəsinin inkişafı ilə bağlı ölkə başçısının qərarını tarixi sərəncam adlandırıb: “Kinoya 5 milyon vəsaitin ayrılması ilə yanaşı, Prezident kino konsepsiyasının hazırlanması ilə də bağlı da sərəncam verib. Düşünürəm ki, bu sərəncam kino sahəsinin inkişafı üçün böyük imkanlar yaradacaq. Bu sərəncam həm də bizim üçün böyük məsuliyyətdir. Mən deyərdim ki, bu sərəncam Azərbaycan kinosunun sonuncu şansıdır. Biz neçə ildir kino sahəsində islahatların aparılması barədə müzakirə aparırıq. İslahat aparılmadığı təqdirdə, 5 milyon yox, 20 milyon da ayrılsa, o qədər effekt verməyəcək. Bu gün kino sahəsinə 5 milyon vəsaitin ayrılmasının əsas rolu odur ki, peşəkar kino işçilərinin işsiz qalmamasını təmin edək”.

Müşfiq Hətəmov onu da bildirib ki, vəsaitin hansı sahələrə ayrılması ilə bağlı hələlik qəti qərar verilməyib: “Yəqin filmlərin çəkilməsi, texniki vəziyyətin yaxşılaşdırılması nəzərdə tutulacaq. Bildiyim qədəri ilə, artıq cənab nazir Əbülfəs Qarayev göstəriş verib, yaxın günlərdə ssenari müsabiqəsi elan olunacaq. Yalnız bundan sonra filmlərin çəkilişinə vəsait ayrılacaq”.

Kinostudiyanın direktoru hələ 2013-cü ildən kinonun gəlirli sahəyə çevrilməsinə çalışdıqlarını söyləyib: “Düşünürəm ki, ayrılan vəsait bu prosesin sürətlənməsinə şərait yaradacaq. Çünki mədəniyyətə Sovet dövründəki münasibətdən yaxa qurtarmaq lazımdır. Ona görə də biz sovet sistemindən tədricən uzaqlaşmalı və dünyaya inteqrasiya etməliyik. Bizim ayrı yolumuz yoxdur. Bunun üçün də böyük potensialımız var. Ona görə ki, Azərbaycan məkan etibarilə bir kino şəhərciyi, kino pavilyonudur. Əgər intellektimiz, qabiliyyətimiz imkan versə, biz bundan istifadə edə bilər və inkişaf edərik”.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR