• MƏDƏNİYYƏT

    09:56 20 aprel 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Lənkəran teatrı Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa ilə çıxış edib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim edib.

Teatrın aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyevin 70 illiyinə həsr olunmuş tamaşadan əvvəl Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran İslam Respublikasının Ərdəbil vilayəti mədəniyyət baş idarəsinin rəis müavini Qərib Mənuçehri və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teatrının inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar.

Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, eləcə də rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Daha sonra Xalq artisti Qabil Quliyevin, əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, aktyorlardan Miraslan Ağayevin, Qızılgül Quliyevanın, Əlibala Əsgərovun, Emin Fərzullayevin, Hikmət Cəfərovun, Rauf Zeynalovun və Nizami Qurbanovun iştirakı ilə "Olanlardan-keçənlərdən" tamaşasına baxış olub.

Epik səpkidə hazırlanan tamaşada dramaturji material üçün mövzu Ü.Hacıbəyovun XIX əsrin sonlarında və XX əsrin əvvəllərində müxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pamflet və intermediyalarından istifadə olunub. Elmsizlik və savadsızlığın, köhnə məktəb üsulunun, xalqın tərəqqisinə mane olan adət və ənənələrin tənqidi tamaşanın əsas ideyasını təşkil edir.

Yerli ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti Qabil Quliyevi qəbul edərək ona yubiley təbrikini çatdırıb.

Məlumat üçün bildirək ki, xalq artisti Qabil Quliyev 1973-cü ildən çalışdığı Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyorlarındandır. O, 100-dən artıq tamaşada rol alıb və bir neçə filmə çəkilib. Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının ”Şərəf” mükafatına və dəfələrlə Prezident Mükafatına layiq görülüb.

Qeyd edək ki, "Olanlardan-keçənlərdən" tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Teatrın repertuarında öz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa həmçinin Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fondu"na daxil edilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR