• MƏDƏNİYYƏT

    19:26 2 may 2019

Məhməd Akif Ərsoy və Bəxtiyar Vahabzadə haqqında beynəlxalq elmi panel keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhməd Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə iki şair bir şeir" mövzusunda beynəlxalq elmi panel keçirilib.

ONA-nın məlumatına görə, tədbir çərçivəsində hər iki şairin əsərlərindən ibarət sərgi də təşkil edilib.

İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. M.A.Ərsoyun Türkiyədə Cumhuriyyət ideyalarını ortaya atan, milli düşüncə, istiqlaliyyət fikirlərini yayan, dövlətçilik təfəkküründən çıxış edən şair olduğunu deyən İ.Həbibbəyli bildirib ki, ədibin "Safahat" əsəri ölkəmizdə də böyük rəğbət qazanıb, Azərbaycan alimləri tərəfindən diqqətlə araşdırılıb, öyrənilib.

O, həmçinin B.Vahabzadənin də yaradıcılığına toxunub, şairin hələ SSRİ dövründə müstəqillik, milli istiqlaliyyət ideyalarından çıxış etdiyini, əsərlərində bu mövzulara geniş yer verdiyini xatırladıb.

Hər iki şairin türk dünyasında məşhur olduğunu və istiqlaliyyət şairləri kimi anıldığını deyən İ.Həbibbəyli elmi panelin onların yaradıcılığının daha geniş kütlələrə çatmasına təkan verəcəyini söyləyib.

Paneldə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə Mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Türkiyə Qida və Səhiyyə Nazirliyinin nümayəndəsi Necdet Ünüvar, EkoAvrasiya dərnəyinin rəhbəri, yazıçı Hikmət Ərən, Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Türkiyənin Azərbaycandakı dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım və M.A.Ərsoyun nəvəsi Səlma Ərsoy Arqon çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərindən, eləcə də ədiblərin yaradıcılığından danışıblar.

Sonda çıxışlar ətrafında elmi müzakirələr aparılıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR