• MƏDƏNİYYƏT

    10:29 12 mart 2019

Mədəniyyət naziri ön cəbhədəki hərbçilərlə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

ONA xəbər verir ki, Əbülfəs Qarayev qəbuldan sonra Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkib.

Nazir əsgərlərin xidmət şəraiti ilə tanış olub, əsgər kazarmasında və yeməkxanada olub.

General-mayor Mayis Bərxudarov hərbçilərin yüksək döyüş hazırlığı haqqında məlumat verib. Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitləri salamlayaraq, bu görüşdən böyük məmnunluq duyduğunu vurğulayıb: “Bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəf alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, düşmənin məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir”.

Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olunub.

Hərbi hissənin komandanlığı adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim olunub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR