Bakıda Qazaxıstanın “Mezzo” musiqi qrupunun konserti olub.
ONA xəbər verir ki, konsert Qazaxıstanın Azərbaycandakı səfirliyinin və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev və başqaları iştirak ediblər.
2012-ci ildə yaradılan və 4 istedadlı gəncdən ibarət “Mezzo” qrupu Andrea Boçelli, İl Divo, Coş Qroban, Alessandro Safina, Elton Con, Elvis Presli və Frenk Sinatra kimi ifaçıların repertuarlarından olan mahnılara kaver versiyalarını və özlərinin yazdığı mahnıları dünyanın müxtəlif dillərində ifa edirlər. Musiqi təhsilinə və incə, yaradıcı zövqə malik qrupun solistləri seçdikləri musiqi istiqamətinin qanunlarına riayət etməklə və ifa etdiyi hər bir mahnıda öz üslubunu işləməklə pop musiqisinin təkrarolunmaz interpretasiyasını təqdim edirlər.
Qrup həm Qazaxıstan, həm də xaricdə qastrollarda uğurla çıxış edir. Gənc ifaçılar Astana, Nyu-York, London, Qahirə və Kiyevdə alqışlarla qarşılanıblar.