• MƏDƏNİYYƏT

    17:10 6 mart 2019

MTRŞ sədri “Planet Parni iz Baku” KVN Teatrına efir qadağası iddialarına münasibət bildirib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziyalar tərəfindən "Planet Parni iz Baku” KVN Teatrının əməkdaşlarına efir qadağası ilə bağlı iddialara münasibət bildirib.

ONA-nın xəbərinə görə, MTRŞ sədri bildirib ki, "Planet Parni iz Baku” KVN Teatrının əməkdaşlarına hər hansı efir qadağası yoxdur.
O qeyd edib ki, özəl televiziya kanalları fəaliyyətlərində tam müstəqil, proqram və yaradıcılıq siyasətlərində isə azaddırlar: "Özəl telekanallar “Teleradio yayımı haqqında” qanuna uyğun olaraq fəaliyyətlərini həyata keçirirlər. Lakin telekanalların kimləri öz efirində görmək istəyi onların şəxsi işidir".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşüblər. Görüş zamanı “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov Prezidentə bütün televiziyalar tərəfindən “Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına efir qadağası qoyulduğunu bildirib. Prezident isə bu məsələdən xəbərsiz olduğunu qeyd edib və deyib ki, heç kim onlara dövlət səviyyəsində qadağa qoya bilməz, məsələ həllini tapmalıdır.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR