Fevralın 28-i və martın 1-i tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında “Balaca şahzadə” tamaşasının premyerası olacaq.
ONA xəbər verir ki, tamaşa fransız yazıçı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" adlı əsərinin motivləri əsasında hazırlanıb.
Beynəlxalq layihə kimi təqdim olunan iki hissəli şou-tamaşa Azərbaycan dilində səslənən ilk müzikldir.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz Ruslan Ağababayev, musiqi rəhbəri əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi Sergey Gritsay, baletmeysterləri - əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni şair İlqar Fəhmidir.
Musiqi Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, tamaşanın qeyri-adi səhnə tərtibatı var: "Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində bir yenilikdir".
Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə “Bakı Media Mərkəzi”nə məxsusdur.
Balaca Şahzadə obrazını teatrın iki azyaşlı aktyorları Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları əməkdar artistlər Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər.