• MƏDƏNİYYƏT

    17:37 14 may 2019

“Muzeydə muğam axşamları” adlı konsert keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu “İçərişəhər” Muzey Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Muzeydə muğam axşamları” adlı yeni layihəsini təqdim edir.

ONA-nın məlumatına görə, musiqili tədbir əvvəlcə Şirvanşahlar Saray Kompleksində təşkil ediləcək.

Şirvanşahlar Sarayı Kompleksində konsert proqramının keçirilməsində məqsəd sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət etməkdir.

Layihənin ilk saray məclisi mayın 20-i xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət edəcəklər.

Musiqi nömrələri arasında aktyor və qiraətçi Azad Şükürovun ifasında poeziya nümunələri səsləndiriləcək.

Giriş qapısı saat 17:00-da Şirvanşahlar Sarayı Kompleksinin ikinci həyətindən açılacaq. Konsert 18:00-da başlanacaq və 2 saat ərzində davam edəcək. Biletlərin qiyməti 5-30 AZN arasında (VIP məkan 30 AZN, orta zona 20 AZN, arxa zona 10 AZN, ayaq üstü 5 AZN) dəyişir. Biletlərin sayı məhduddur.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR