• MƏDƏNİYYƏT

    16:56 10 aprel 2019

Əbülfəs Qarayev məşhur baletmeysterlə görüşüb

Aprelin 10-da Mədəniyyət naziri Əbülfəs Qarayev dünya şöhrətli rusiyalı baletmeyster, professor Azari Mixayloviç Plisetski ilə görüşüb.

ONA xəbər verir ki, A.Plisetski Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun dəvətinə əsasən 7-13 aprel tarixində ölkəmizdə səfərdədir.

Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində əldə olunan nailiyyətlər, mədəniyyətin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı və bununla bağlı görülə biləcək işlər haqqında danışıb.

Azərbaycan ilə Rusiya arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də mövcud əməkdaşlığın inkişaf etdirildiyini vurğulayan Əbülfəs Qarayev bu sahədə uzun illərdir çalışan görkəmli baletmeyster Azari Plisetskinin zəngin təcrübə və biliklərindən yararlanmağın tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, səfər çərçivəsində A.Plisetskinin aprelin 12-də Nizami Kino Mərkəzində balet sənətinin dünyaca məşhur nəsilləri – Plisetskilər və Messererlər haqqında kitabın və sənədli filmin təqdimatında, habelə aprelin 11-12-də Heydər Əliyev Sarayında “Kreml baleti” Teatrının təqdimatında F.Əmirovun “Min bir gecə” baletinin (tamaşanın quruluşu rəssamı Tahir Salahovdur) nümayişində fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR