• MƏDƏNİYYƏT

    16:48 29 mart 2019

Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılış mərasimi keçiriləcək

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılış və "Azərbaycan ədəbiyyatı antologiyası"nın təqdimat mərasimi keçiriləcək.

Bu barədə ONA-ya Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırali məlumat verib.

Akademiya rəhbəri deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, TWESCO ümumtürk ədəbi dilinin zənginləşməsi və formalaşmasında əvəzsiz rol oynayan şairin ədəbi irsini türk dünyasında və beynəlxalq miqyasda təbliğ etmək məqsədilə bir sıra layihələrin həyata keçirilməsinə başlayıb. Artıq böyük mütəfəkkirin seçilmiş əsərləri qazax dilinə tərcümə edilib.

Aprel ayında Nur-Sultanda şəhərində Qazaxıstanda “Nəsimi ili”nin açılış mərasimi keçiriləcək. Bu çərçivədə şairin qazax dilində işıq üzü görən kitabının və “Türk dünyası ədəbiyyatı” seriyasından 20-dək azərbaycanlı klassikin seçilmiş əsərlərinin yer aldığı “Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçiriləcək.

Bununla yanaşı, TWESCO prezidenti qeyd edib ki, təşkilat 2019-ci ildə Balasaqunlu Yusif Xas Hacibin "Kutadqu Bilik" əsərinin yazılışının 950, Qızıl Orda Xanlığı və Monqolustanın yaranmasının 750, məşhur şair Nəsiminin anadan olmasının 650, Əhməd Ağaoğlunun anadan olmasının 150, tanınmış türkoloq İştvan Mandokinin doğumunun 75, ulu öndər Atatürkün başlatdığı Milli Mücadilənin 100, Türk dünyası inteqrasiyası üçün böyük əhəmiyyətə malik Naxçıvan müqaviləsinin imzalanmasının 10-cu ildönümlərini yüksək səviyyədə qeyd etməyi planlaşdırır. Akademiya türk dünyasını maraqlandıran mövzulara dair kitabların çapını və birgə elmi tədbirləri davam etdirəcək.

D.Kıdıralinin sözlərinə görə, yaxın zamanlarda Özbəkistanın TWESCO-ya üzv olmaq məsələsinin müsbət nəticələnəcəyinə inam böyükdür. Həmçinin Monqolustan da təşkilata müşahidəçi üzv olmaqda maraqlıdır. Beynəlxalq əlaqələrini genişləndirən təşkilat qarşıdakı dövrdə UNESCO ilə anlaşma memorandumu imzalamağı nəzərdə tutur.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR