“Ədəbiyyat üzrə Nobel mükafatı əvvəlki nüfuzunu itirib”.
Bunu APA-ya Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib.
Onun sözlərinə görə, Ədəbiyyat üzrə Nobel mükafatı daha çox təsadüfi adamlara verilir: “Görünür Nobel Komitəsinin üzvləri ədəbiyyatdan xəbərsizdirlər”.
O. Süleymenov I Asiya Yazıçılar Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı zamanı Nobel mükafatına alternativ “Böyük Asiya” mükafatının yaradılması təklifinə də münasibət bildirib.
O qeyd edib ki, bu mükafat Asiya xalqlarının ədəbiyyatının inkişafına kömək edəcək: “Düşünürəm ki, “Böyük Asiya” mükafatı dünya ədəbiyyatının inkişafına Nobel mükafatından daha çox töhfə verəcək”.
Xatırladaq ki, sentyabrın 4-dən 6-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda I Asiya Yazıçılar Forumu keçirilib. Forumda “Böyük Asiya” ədəbiyyat mükafatının yaradılması təklif edilib.