• MƏDƏNİYYƏT

    12:44 4 mart 2019

Sarabskinin 140 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncamda 2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyinin tamam olduğu bildirilib.

Qeyd olunub ki, Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlib və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri var. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olub, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib.

“Azərbaycan teatr sənətinin inkişafı naminə təqdirəlayiq fəaliyyətini nəzərə alaraq Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”, - sərəncamda bildirilib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR