• MƏDƏNİYYƏT

    12:24 26 aprel 2019

Qazaxıstanda “Nəsimi ili”nin açılışı olub - FOTO

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılışı olub.

ONA-nın xəbərinə görə, “International Eurasian Book Fair - 2019” kitab sərgisində, paytaxtın böyük “Körme” sərgi salonunda təşkil olunan mərasimdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın ictimai-siyasi, mədəniyyət və elm xadimləri iştirak edib.

Tədbirdə Akademiyanın prezidenti, professor Darxan Kıdırali bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019-cu ili “Nəsimi ili” elan etməsi təkcə Azərbaycanda deyil, bütün türk dünyasında böyük məmnunluqla qarşılanıb. Bu hadisə qardaş Azərbaycanda ortaq dəyərlərə, milli-mənəvi sərvətlərə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisi olmaqla yanaşı, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə çox böyük töhfədir.

Darxan Kıdırali vurğulayıb ki, Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Onun yaradıcılıq irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik türk ədəbiyyat tarixində xüsusi mərhələdir. Orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir.

Akademiya prezidentinin sözlərinə görə, Nəsimi öz istedadı və yaradıcılığının miqyası ilə yalnız Azərbaycan xalqına məxsus olmaqdan çıxıb və bütün türk dünyasının, insanlığın böyük dəyərinə çevrilib. Bütün bunları nəzərə alaraq Beynəlxalq Türk Akademiyası Qazaxıstanda “Nəsimi ili”nin açılışını təşkil etməklə yanaşı, onun seçilmiş şeirlərini qazax dilində nəşr edib.

D.Kıdırali vurğulayıb ki, Nəsiminin əsərləri ilk dəfə qazax dilinə çevrilib. Eyni zamanda “Azərbaycan ədəbiyyatı antologiyası”nda da Nəsiminin əsərlərinə yer verilib. Bu, qazax oxucularının böyük sənətkarın mənəvi irsini mənimsəməsi baxımından unikal imkan olacaq.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz onun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Səfir qeyd edib ki, yüz illər keçməsinə baxmayaraq, böyük şairin adı Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi hesab olunur. Xurafatçılar tərəfindən dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən böyük sənətkarın məsləki uğrunda faciəli ölümü “ədalətdən dönməzlik” simvoluna çevrilib. Nəsimi öz poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. O, cəzaya məhkum edilərək fiziki olaraq ortadan qaldırılsa da, ideyaları və poeziyası, tolerantlıq və sülh naminə çağırışları heç zaman aradan qaldırıla bilmədi. Bu günün siyasi mənzərəsi, xüsusilə şairin yaşadığı regionda baş verən hadisələr göstərir ki, müasir beynəlxalq münasibətlər baxımından da Nəsiminin əsərləri öz aktuallığını nəinki qoruyur, hətta daha da gücləndirir.

Diplomat bildirib ki, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə bu il mayın 15-də Parisdə UNESCO ilə birlikdə dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı ilə təşkil olunacaq beynəlxalq forumda dahi şairin anadan olmasının 650 illik yubileyi bu mötəbər beynəlxalq təşkilatla birlikdə qeyd ediləcək.

Milli Məclisin deputatı Musa Quliyev “Nəsimi ili”nin Qazaxıstanda yüksək səviyyədə qeyd edilməsindən duyduğu məmnuniyyəti ifadə edib və bildirib ki, Nəsimi əsərlərində daim düşünən, kamilləşmək arzusu ilə alışıb yanan, kainatın sirlərinə cavab axtaran bir insan obrazı var. Musa Quliyev ədəbiyyat və mədəniyyətin xalqlarımızı yaxınlaşdırdığını, bunun üçün də qazax ədiblərinin əsərlərinin də Azərbaycan dilinə çevrilməsinin vacib olduğunu qeyd edib.

Qazaxıstanın Avrasiya Milli Universitetinin professoru, tərcüməçi, türkoloq Amantay Şarip isə bildirib ki, Azərbaycan türk dili və ədəbiyyatı tarixində ana dilinin fədaisi kimi önə çıxan Nəsimi öz yaradıcılığı ilə milli şeirin inkişafına yeni istiqamət verib. Şair əsərlərində milli dilin zənginliyinə baş vuraraq, orta əsrlərin mürəkkəb ədəbi mühitində türk dilini təzyiqlərdən qoruyub və özündən sonra Xətai, Füzuli, Vaqif kimi böyük şairlərin söz meydanında daha çox parlamasına zəmin hazırlayıb.

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı türk dünyasının ədəbiyyat xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsinin Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra xüsusilə türk dünyasında daha geniş şəkildə araşdırılacağına, yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcəyinə inandığını ifadə edib.

Qırğızıstan prezidentinin məsləhətçisi Sultan Rayev bildirib ki, Nəsimi bizim ortaq dəyərimizdir: “Oş şəhəri türk dünyasının mədəniyyət paytaxtı seçilib və bu il Qırğızıstanda da “Nəsimi ili” qeyd ediləcək”.

Tədbirdə Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilində çap olunun “Azərbaycan ədəbiyyatı antologiyası” və Nəsiminin şeirlərindən ibarət “Mən aləmə sığmazam” kitabları təqdim olunub, Azərbaycan, qazax və rus dillərində Nəsiminin şeirlərindən parçalar səsləndirilib.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR