• MƏDƏNİYYƏT

    15:53 8 aprel 2019

Qazaxıstanda “Türkologiya” jurnalının təqdimatı keçirilib

Qazaxıstanın Əhməd Yəsəvi Universitetində “Türkologiya” jurnalının təqdimatı və “Türk dünyasında türkologiyanın aktual problemləri” adlı seminar keçirilib.

ONA xəbər verir ki, seminarda Əhməd Yəsəvi Universitetinin prorektoru, dosent Pusat Pilten, Türkoloji Araşdırmalar Mərkəzinin direktoru, dosent Sərdan Dağıstan, Əhməd Yəsəvi Universitetində nəşr olunan “Türkologiya” jurnalının redaksiya heyəti, çoxlu sayda alim, gənc tədqiqatçı, tələbə və qonaqlar iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxış edərək jurnalın türkologiyanın təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat və folklor, fəlsəfə və tarix kimi sahələrini də əhatə etdiyini, burada dünyanın müxtəlif ölkələrindən olan alimlərin məqalələrinin dərc edildiyini bildirib.

Gənc alim çıxışında əlifba probleminə də toxunaraq, bu məsələnin Türk dünyası və türkologiya üçün aktual problemlərdən olduğunu və XIX əsrin sonlarından başlayaraq bu günədək davam etdiyini bildirib: “Ortaq əlifba probleminin həll edilməsi gələcəkdə ortaq dilin (ortaq türkçənin) də təşəkkülünə kömək edəcək. Ortaq əlifba olmadan ortaq dili formalaşdırmaq qeyri-mümkündür.”

Sonda E.İbrahimov iştirakçıları maraqlandıran sualları cavablandırıb. O, “Türkologiya” jurnalının saylarını Türkoloji Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR