Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirilib.
ONA-nın məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını deyib.
Nazir “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülən əsərləri ideya-bədii cəhətdən yüksək qiymətləndirib: “Bu əsərlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini ifadə edir. Ədəbiyyat yaşayır və onun inkişafı cəmiyyətin tərəqqisi ilə paralel gedir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc müəlliflərin qarşısında üfüqlər və imkanlar açır”.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib. “Nəsr” nominasiyası üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” , Mübariz Örənin “Balıq gülüşü” əsərləri, “Poeziya” nominasiyasında Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş” və İbrahim İlyaslının “Şair olmaq zülümdü” şeir kitabları mükafata layiq görülüb.
“Ədəbi tənqid və publisistika” nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, “Orijinaldan bədii tərcümə” nominasiyasında Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanına, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanına görə mükafatlandırılıb.
Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasiyasında mükafat alıb.
Müsabiqənin “Şans” ödülü isə Şahanə Müşfiq (“Şahanənin nağılı”) və Sadıq Qarayevə (“Sahibsiz kölgələr”) təqdim olundu. Bütün qaliblərə diplom və pul mükafatı verilib.
Qalib müəlliflər çıxış edərək ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.
Sonda münsiflər heyətinin üzvləri - xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova mükafatın ədəbiyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, builki mükafat üçün əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanılıb və bu il martın 29-da qəbul yekunlaşıb. Bu müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.