“Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilən “Zamanla üz-üzə” sərgisində Qobustan mövzusuna aid 60-dək orijinal işlə tanış olmaq imkanı yaranıb”.
ONA xəbər verir ki, bunu Muzey Mərkəzində sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. O bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı qoruq rəhbərliyinə müraciət edib. Müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib: “18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədinin Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya maraq yaratmaqdır”.
Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu layihə Azərbaycan Rəssamlar İttifaqı tərəfindən həyata keçirilən silsilə tədbirlərin məntiqi davamıdır. “Reinkarnasiya” layihəsi çərçivəsində paytaxtın bir sıra muzeylərində müxtəlif sərgilərin təşkil edildiyini söyləyən nazir layihənin budəfəki mövzusunun Qobustana aid olmasını təqdirəlayiq hadisə hesab edib: “Bu il Azərbaycan tarixi memarlıq sənəti üçün, bütün bu sahədə çalışan insanlar üçün çox önəmli bir ildir. Ölkəmizin tarixində ilk dəfə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov layihənin əhəmiyyətindən danışıb, belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, martın 14-dək davam edəcək sərgi hər gün saat 10:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq.