• MƏDƏNİYYƏT

    11:20 28 fevral 2019

Rafael Abasovun 75 illiyinə həsr olunmuş sərgi açılıb 

Fevralın 27-də Milli İncəsənət Muzeyində əməkdar rəssam Rafael Abasovun anadan olmasının 75 illiyinə həsr olunmuş sərgi açılıb.

ONA xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Rafael Abasovun yaradıcılığından söhbət açıb, incəsənətin inkişafına verdiyi töhfələrdən bəhs edib: “Rafael Abasov realizm üslubunda, portret, natürmort və mənzərə janrında çəkilmiş əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşdirib, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm, mədəniyyət və siyasi xadimlərinin portretlərini ustalıqla yaratmağa nail olub. Ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamın “Qızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi” adlı əsərlərini xüsusi qeyd etmək lazımdır”.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, xalq rəssamı Arif Hüseynov və başqaları rəssamın yaradıcılığından, insani keyfiyyətlərindən söhbət açıb, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi martın 5-dək davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR