• MƏDƏNİYYƏT

    16:16 31 may 2019

Rəhim Rəhimli: “Nə qədər ki, mən rəhbərəm, o müğənnilər MTV-nin qapısından belə keçə bilməyəcəklər” - MÜSAHİBƏ

“Muz TV Azərbaycan”ın rəhbəri, müğənni-bəstəkar Rəhim Rəhimli ONA-ya müsahibə verib. R. Rəhimli söhbətə özü başlayıb:

- Utanıram mən.

- Nədən utanırsınız?

- Bu, mahnı oxumaq deyil. Nə qədər deyirsiniz çıxım oxuyum, şou göstərim. Amma çıxıb gördüyüm işləri tərifləyim, bunu bacarmıram. Bir başqası da gördüyü işlərdən danışanda xoşum gəlmir. Mənim işlərimi onsuz da kimlərsə görür və qiymətləndirirlər.

- Ona görə də MTV kanalına rəhbər keçəndən sonra bircə dəfə də müsahibə verməmisiniz?

- Bəli, ilk dəfədir.

- Niyə müsahibə verməmisiniz?

- (Pauza) Lüzum görməmişəm. Danışılası bir şey yoxdur. Bizim məqsədimiz müasir, kreativ bir televiziya qurmaqdır. Hərçənd deyirlər indi televiziyaya maraq itib, gənclər televiziyaya baxmır... Bu söz məni qıcıqlandırır. Çünki gec-tez biz televiziyaya dönəcəyik. Bu gün bir məkana getmişdim. Orda gördüm ki, hətta internet üzərindən MTV-yə baxırlar. Bu özü uğurdur.

- Bu o deməkdir ki, siz rəhbər gələndən sonra kanalda xeyli irəliləyiş olub?

- Mən özümü tərifləyə bilmərəm.

- Onda tənqid edin.

- Tənqid? Çox tənqid var.

- Bir-ikisini deyin.

- Onu da deyə bilmərəm. İstəməzdim bizim içimizi kimsə bilsin, onun üçün gəlin, tənqidi tərəflərimizi də deməyim.

- Axı nəsə demək lazımdır. Bir ilə yaxındır kanalın rəhbərisiniz. Hansı yenilikləri gətirdiniz?

- Mən bura rəhbər gələndə məqsədim o idi ki, dünya standartları səviyyəsində musiqi kanalı yaradım. Bunun üçün də öncə çalışdım ki, doğru-düzgün komanda qurum. Komanda çox önəmlidir. Çünki mən 12 yaşından televiziyadayam. O zaman “Bənövşə” uşaq xorunun solisti idim. Bir gün Mina xanım Almazlı “Bənövşə” uşaq xoru haqqında proqram hazırlayırdı. Məni də Azərbaycan Radiosuna gətirmişdi. Mən də radioda Əhməd bəy Aşurbəyovla tanış olmuşdum. O, Azərbaycan Televiziyasında kino redaksiyasının müdiri idi. Məni dinləyib dedi ki, bundan nəsə çıxacaq, gəlin, bunu “Gənclik” redaksiyasına göndərək. Odur-budur televiziyaya gedib-gəlməyə başladım. Bəzən vəsiqəm olmazdı, televiziyanın həyətinə damdan atlayardım, bəzən qarajdan girərdim, Azərbaycan Televiziyasının iri maşınları var, bəzən onları yolda saxlayıb sürücünün yanında oturardım.

- Nə adla maşınları saxladırdınız?

- Deyirdim ki, televiziyaya baxmaq istəyirəm. Çünki vəsiqəm yox idi, yaşım da çatmırdı. Televiziyaya gedən kimi diktorların otağına qaçardım. Roza xanıma, Şərqiyyə xanıma baxardım. Şərqiyyə xanım o vaxt “Tarqovı”da yaşayırdı. Mən də orda yaşayırdım. Şərqiyyə xanım evdən çıxanda mən də çıxardım, onunla eyni marşruta minərdim, yolda söhbət salardım və onunla birlikdə danışa-danışa gəlib televiziyaya keçərdim, mühafizəçilər də heç nədən xəbər tutmazdılar. Elə bilərdilər, mən də işçiyəm. Yəni gözümü televiziyada açdım. Daha sonra ATV-də, “Lider”də işlədim. Amma “Lider”dən ayrılandan sonra bir daha televiziyaya qayıtmamaq barədə özümə söz verdim.

- Bəs televiziyadan soyuduğunuz halda, necə oldu MTV-yə rəhbər gəldiniz?

- Açığını deyim sizə, mən şou-biznesdə və sosial şəbəkələrdə yoxam. Bir gün mənə sosial şəbəkələrdə olanları, “İnstagram”da, “Facebook”da müğənnilər haqqında yazılanları göstərdilər. Orda baş verənləri görəndə şok oldum. Elə sənətçilər var ki, onları belə şou proqramlarda aşağılayıb... (pauza) nə bilim, başına su tökəndə, nalayiq hərəkət edəndə (pauza) mənim zoruma getdi. Danışıram, (səsi tutulur) indinin özündə də pis oluram. İllərini vermiş sənətçilər televiziyada bəzi proqramlara gəlib elə səviyyəyə düşür ki, baxılası deyil... Yalan olmasın, 8 ilə yaxındır Azərbaycanda klip çəkilmir. Çünki sənətçi bilir ki, premyeradan sonra klip atılacaq “Youtube”a. Orda da kim baxa, kim baxmaya. Sənətçi də məcburdur televiziya proqramlarını gəzsin. Onda da məcburdur qalmaqallı proqramlara çıxsın ki, piarını apara bilsin. Bu şeylərə görə mən televiziyadan incimişdim, diksinmişdim. Bir daha televiziyaya qayıtmaq istəmirdim. Amma o “İnstagram”dakı, o televiziyalardakı biabırçılıqları, bəzi sənətçilərin başlarına açılan oyunları görəndən sonra dedim ki, ya bunu mən eləməliyəm, ya da elə mən eləməliyəm.

- Və kanal rəhbəri olmaq təklifini qəbul etdiniz...

- Bunu məndən başqa heç kəs edə bilməzdi. Ona görə də təklif gələndə qəbul elədim. Əvvəl iki gün möhlət istədim. Çünki mənim tək gəlməyim və gəlib köhnə komanda ilə çalışmağım effekt verməyəcəkdi. Köhnə komanda iş görən olsaydı, görərdi. Düşündüm ki, yeni komanda ilə gəlməli və kanalı “komple rebrendinq” etməliyəm. Onsuz yay tətili başlayırdı. Düşündüm ki, bütün proqramlar bağlanmalı, bütün teleaparıcılar, teleoperatorlar istirahətə göndərilməli və sentyabrdan daha modern, televiziyanı sevən, rəhbərliyi dinləyən komanda toplamalıyam. Allaha çox şükür olsun, az da olsa, buna nail oldum. Ona görə az deyirəm ki, gedəcəyimiz yol uzundur.

- İyul ayında kanala rəhbər gəlməyinizin bir ili tamam olacaq. Bir ildə hansı işlər görə bildiniz?

- Biz dekabr ayına qədər bir proqram belə yayımlamadıq. Yalnız Azərbaycanda nə qədər klip varsa, onları tək-tək topladıq. Beş ay kanalda yalnız musiqi nömrələri təqdim etdik. Bilmirəm fərqindəsinizsə, bizdə hər sənətçi efirə buraxılmır.

- Kimlər efirə buraxılmır?

- Çox sənətçi var. Biz yalnız beş aydan sonra veriliş təqdim etməyə başladıq. Gördüyümüz işlərin hamısından danışsam, çox uzun çəkəcək.

- Amma hansı sənətçiləri efirə buraxmadığınızı demədiniz...

- Deyəcəm, gələcəm ona da. Fikir vermisinizsə, bizdə klip saatları başlayanda başqa kanallarda da Azərbaycan klip saatları başladı və bu, bizi çox qürurlandırdı.

- MTV ilə rəqabətə girdilər?

- Mən bunu rəqabət saymıram. Məsələn, biz xəbər görmək istəyəndə Real TV-yə baxırıq, düzdürmü? Real TV ana xəbər kanalımızdır. MTV də sırf musiqi kanalıdır. Özü də Azərbaycanın ilk musiqi kanalıdır. Kimsə Azərbaycan musiqisi dinləmək istəyəndə sırf bizim kanala girir. Eləcə də başqa kanallar bizə baxır və musiqi kanalı necə olmalıdır, onun formatını bizdən öyrənib göstərirlər. Bundan başqa, mən gənclərə üstünlük verdim. Heç bir gənc çıxıb deyə bilməz ki...

- ...Rəhim mənə qadağa qoydu.

- Qadağa yox, qadağa qoya bilərəm. Əgər keyfiyyətsiz və zövqü pozacaq, bizim formata uymayan klipdirsə, müğənninin səsi yoxdursa, mən onu efirə buraxmaram.

- Bəs kimə qadağa qoymusunuz? Elə bir müğənni varmı ki, sizin efirə buraxılmasın?

- Əgər gözəl işdirsə, formatımıza uyğundursa, zövqlü musiqidirsə, insanların beynini pozmayan musiqidirsə, həmin müğənni efirə çıxa bilər. Bizim qapımız hər kəsə açıqdır. Kim bizə klip təqdim edirsə, formatımıza uyğun biliriksə, o zaman efirə veririk.

- Qadağan olunanlar kimdir?

- Çoxdur.

- Birinin adını çəkin...

- Məndə yüz nəfərin siyahısı var, yalnız o siyahıda olanların musiqisi efirə gedir. Efirə getməyən sənətçilərin adlarını açıqlamaq istəmirəm. Bunu da öz şəxsi qərarımla seçmirəm. Dediyim kimi, mən musiqiçini onun özünə görə yox, klipinə və musiqisinə görə seçirəm. Əgər müğənni düzgün oxumursa və ya klipi zövqsüzdürsə, onun mahnısı efirə getmir və nə qədər ki, mən burdayam, getməyəcək də. Özü də bunu tək mən müəyyənləşdirmirəm. Bizə gün ərzində beş-altı yeni klip gəlir. Bunların hamısını mən dinləyə bilmərəm, dostum. Bunun üçün bizim beş nəfərdən ibarət, çox dəyərli bəstəkarlardan və aranjemançılardan təyin olunmuş bədii şuramız var. Onlar efirə gedəcək mahnıların hamısını bir-biri dinləyir və qərar verirlər ki, bizim formata uyğundur, ya yox.

- Bədii Şuradakılar kimlərdir? Adlarını çəkə bilərsiniz?

- Bu, gizli bədii şuradır. Kimliklərini açıqlamırıq. Kanala gələn kliplər həftə ərzində yığılır, onlar dinləyib qərar verirlər.

- Siz nəyi efirə vermirsiniz? Misal üçün, repin içində söyüş varsa, efirə vermirsiniz?

- Əlbəttə, yox.

- Amma rep musiqisində, adətən, söyüş olur, ingiliscə olsa belə...

- Lap ingiliscə olsun, yenə vermirik. Niyə verməliyəm? Ramin Nabranın repləri var ki, vermirəm, Elşad Xose ilə Zamiqin bir repi var, efirə vermirəm. Okaberin bəzi replərini efirə vermirəm. Hərçənd çox yaxın dostumdur. Çünki repin mətni çox önəmlidir. Axı bura bir mədəniyyət, musiqi kanalıdır.

- Bəzi mahnılar var ki, içində narkotik maddələrin adları çəkilir. Hətta buna görə bu yaxında bir-iki nəfər həbs olundu. O cür mahnıları da efirə buraxmırsınız?

- Onlar, ümumiyyətlə, mahnı deyil. Nə qədər ki, mən rəhbərəm, o cür mahnı oxuyanlar heç kanalın qapısından belə keçə bilməyəcəklər. Mənim heç kəslə şəxsi qərəzim yoxdur. Mənə yalnız sənətçinin gördüyü iş vacibdir. Bura mənim atamın kanalı deyil, istədiyim müğənnini efirə buraxa bilmərəm. Mən düşünürəm ki, bu, sadəcə, mənə verilmiş missiyadır və mən bunu layiqli şəkildə daşımalı, xalqımıza yüksək mədəni səviyyəyə malik kanal təqdim etməliyəm. Başqa kanallardakı verilişlərdə gedən biabırçılıqları görürsünüz? Mən o proqramlara, kanallara çıxa bilmirdim. Neçə ildir televiziyadan uzaqlaşmışdım. Belə davam eləsəydi, hətta musiqini atacaqdım.

- Müğənni Rəhimlə direktor Rəhim arasında çox fərq var?

- Mən işimi tələb edirəm. O insan ki, işini təhvil verir, o insan dostumdur. Çünki mən onlara arxayınam. Mən büdrəsəm, onlara görə büdrəyəcəyəm. Ona görə də tələbkaram.

- Kanala rəhbər gəlməyiniz sanki gizli saxlanıldı. MTV-nin rəhbəri olduğunuzu çox adam heç bilmir. Halbuki sizin yerinizdə başqa müğənni olsa, reklam edərdi...

- Mənim xasiyyətim budur. Ümumiyyətlə, mən heç nə yayımlamaram. Bəzi müğənnilər kimi suşi yeyirəm, bunun şəklini çəkib qoyum, yaxud beşulduzlu hoteldə hovuz kənarında yatıram, bunu reklam edim... Belə şeylər mənlik deyil.

- Amma bu yaxında sizin iş masası arxasında şəkliniz yayıldı. Sanki yayılmasını özünüz istəmişdiniz...

- Bəli. O şəkil ilk dəfə yayıldı. Bu vaxta kimi neçə-neçə müğənni dostum bura qonaq gəlib, hər dəfə burda şəkil çəkdirmək istəyiblər, icazə verməmişəm. Düşünmüşəm ki, mən bura özümü göstərmək üçün gəlməmişəm. Sizi inandırım ki, direktor keçəndən sonra yaradıcılığım sönüb. Düşünün ki, kanalımızda Top-10 gedir. Mənim ora bir mahnım belə düşmür. İnanırsınız, kanalımızda klip çəkmək üçün hər şey var, amma klip çəkməyə vaxtım yoxdur. Hazırda bir neçə mahnı üzərində çalışsam da, bitmək bilmir. O mahnıların bitməsi üçün gərək bir neçə gün studiyada olam. Ona da zamanım yoxdur. Bəzi dostlarım deyir ki, əlinə fürsət düşüb, kreslo bu gün var, sabah yoxdur, imkan ikən kliplərini ver, mahnılarını səsləndir. Amma mən bunları eləmirəm.

- Efirdə aşıq musiqisi verirsiniz?

- Biz gözəl nə varsa, veririk: aşıq musiqisi, muğam, klassika. Bizdə Aşıq Əlinin də, Aşıq Samirənin də klipləri gedir. Biz muğam axşamı veririk, klassik musiqi veririk, İsfar Sarabskinin konsertlərini veririk.

- Bayaq dediniz ki, sosial şəbəkədə yoxsunuz. Bəs gündəmi necə, izləyirsiniz?

- Hansısa bir hadisə baş verir, bir həftə, on gün sonra xəbər tuturam. Ümumiyyətlə, smartfon telefona son vaxtlar keçmişəm, o da işimlə əlaqədar olduğu üçün. Bilirsiniz, mən bir az fərqli insanam. Mən hər kəsin baxdığı kimi görə bilmirəm. Siz, məsələn, indi bu yarpağı yaşıl görürsüz (dibçəyi göstərir). Düzdürmü?

- Bəli.

- İnciməyin, amma mən bir az fərqli görürəm.

- Çünki gözünüzdə gün eynəyi var.

- Yox, ona görə yox.

- Bəs nəyə görə?

- Mən hər kəsin elədiyi hərəkətləri eləmirəm. Bir də görürsən ki, bayram yaxınlaşır, redaktorlar deyirlər ki, sənətçiləri dəvət edək, mahnı oxusunlar. Mən deyirəm ki, onu bütün kanallar edəcək. Biz fərqli şey eləməliyik. Məsələn, Yeni il bayramında biz türk sənətçilərini dəvət elədik. Bax, görürsünüz, fərqli işlər görürük. Və ya Novruz bayramı qabağı “SS Production”la anlaşdıq ki, Aygün xanım (Aygün Kazımova - M.A.) bir müddət heç bir kanala çıxmayacaq, yalnız və yalnız bizim kanalda çıxış edəcək. Ona görə deyirəm ki, mən hər kəs kimi görə bilmirəm, fərqli düşünürəm.

- Otağınızdakı bu kitablar aksesuardır, yoxsa oxuyursunuz?

- İnanmayacaqsınız, amma otağımın bu hissəsi studiyadır və bu kitablar da studiya üçün qoyulub. Mənim oxumaqla çox aram yoxdur. Siz mənə deyin, Raxmaninovdan, Şostakoçivdən, Bethovendən danışım. Amma oxumaqla heç aram yoxdur.

- Bəstəkar kimi, heç olmasa, mahnı mətnləriniz üçün şeir oxumursunuz?

- Oxuyuram, canım. Mənim ilk bəstəm Əliağa Vahidin qəzəlinə yazılıb.

- Bəs müasir şairlərdən kimləri oxuyursunuz?

- Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Vahid Əzizi oxuyuram.

- Rəhim bəy, bu təsbeh də akssesuardı, yoxsa dindar olduğunuz üçün gəzdirirsiniz?

- Mən təsbehi və zikr etməyi xoşlayıram. Dinə gəldikdə isə, mən (pauza) yalnız və yalnız Allaha inanıram. Ondan başqa heç kəsə.

- Hazırda kanalınız hansı yeni layihə üzərində işləyir?

- Hazırda Arif Məlikov haqqında film çəkirik. Düşünürəm ki, belə bir filmi məhz bizim kanal hazırlamalıdır. Bundan başqa, klip istehsalına başlamışıq. Gənc bəstəkar Səfər Zamanın aprel döyüşlərinə həsr olunan "Aprel kompozisiyası"na, Rüfət Axundovun sonuncu mahnısına klip çəkdik. Ədalət Şükürov və bir neçə sənətçi üçün klip çəkilişlərinə hazırlaşırıq. Kliplərlə yanaşı, artıq bəzi tədbirlərin də eksklüziv yayım hüququ, informasiya dəstəyi kanalımıza həvalə olunub. Konsertlərin çəkilişlərini həyata keçirmişik. Bir-bir saymaq istəməzdim. Bizi izləyənlər bilir.

- Bəstəkarlar İttifaqının üzvüsünüz?

- Yox, üzvü deyiləm. Mənim, ümumiyyətlə, heç bir şeyim yoxdur. Mənim bir “Youtube” kanalım, “İnstagram”ım yoxdur. Mənim bir arxivim yoxdur. Ölüm-itim dünyasıdır, sabah, biri gün ölüb gedəcəm, amma heç nəyim yoxdur. Ən azı bunu edirəm ki, sabah desinlər Rəhim Rəhimli Muz TV-yə rəhbər keçəndən sonra bu işləri gördü. Çünki mən bura rəhbər gələndə kimlərəsə söz vermişəm ki, bu kanalı qaldıracağam. Kişi gərək verdiyi sözə sahib çıxsın. Mənə elə gəlir ki, biz bunu edəcəyik və hər kəsə sübut edəcəyik ki, Azərbaycanın estrada, pop musiqisi var, sadəcə, düzgün əllərdə olmalıdır. Çünki hələ ki, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə kimi sənətkarlar susurlar, heç nə demirlər. Bir gün onlar durub bugünkü musiqimiz haqqında elə söz deyəcəklər ki, onda yer yerindən oynayacaq. Mən özümü həmin günə hazırlayıram ki, bax, o böyüklərimizin qarşısına alnıaçıq, üzüağ çıxa bilim.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR