Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Həmrəyliyi Partiyasının təşkilatçılığı ilə mərhum rejissor Rövşən Almuradlının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ONA-nın məlumatına görə, tədbirdə rejissorun sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, əvvəldən aprel ayında görkəmli rejissor Rövşən Almuradlının ad gününü qeyd etməyə hazırlaşırdılar: "O özü də buna sevinclə hazırlaşırdı. Təəssüf ki, qəfil ölüm onu bizim aramızdan apardı. Elə bir görüş, tədbir olmazdı ki, Rövşən Almuradlı orda iştirak etməsin. Təəssüf ki, bu gün bu tədbiri onsuz qeyd edirik. Biz çox istərdik ki, onun yubileyi teatrlarımızda keçirilsin. Nədənsə teatrlarımız tərəfindən təşəbbüs göstərilmədi. Bununla belə, biz öz borcumuzu yerinə yetirmək qərarına gəldik. Rövşən Almuradlı Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəliyindən biridir".
Sabir Rüstəmxanlı Rövşən Almuradlı ilə uzun illər dostluq etdiyini qeyd edib: "O, bir vaxtlar mənim şeirlərimə film çəkmişdi. O filmə indi də baxanda həyəcanlanıram. Onunla çox ciddi yaradıcılıq işimiz isə "Cavad xan" filmi olmuşdu. Mən ssenarini yazdım, Rövşən filmi çəkdi. Rövşən Moskvada təhsil almışdı, rejissor işini çox gözəl bilirdi, Adil İsgəndərovun tələbəsi olmuşdu. Çox zövqlü, milli köklərə bağlı bir insan idi".
Şair Aydın Qurbanoğlunın sözlərinə görə, uzun müddət bir yerdə işləyiblər: "Rövşən hər şeyə eşqlə yanaşan adam idi. Bu, onun filmlərində də hiss olunur".
Aktyor Əli Nur Rövşən Almuradlı ilə hələ uşaq yaşlarından tanış olduğunu deyib: "Rövşən Almuradlı Moskvada Hacı Zeynalabdin rolunu oynayanda bütün zal onu alqışlayırdı. Hələ o vaxtdan rejissorluğa da meyli vardı. Rövşən çox möhtəşəm tamaşalar qoyub, möhtəşəm filmlər çəkib. O, milli rejissor olmaqla yanaşı, həm də müasir idi. Onun Akademik Milli Dram Teatrında səhnələşdirdiyi əsərlər də böyük rəğbətlə qarşılandı".
Arif Əliyev qeyd edib ki, "Əsgərlər unudulanda ölürlər" filminin çəkilişlərində R.Almuradlı ilə əməkdaşlıq edib.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə Rövşən Almuradlının 19 il öncə tanıdığını vurğulayıb: "Rövşən Elçibəy haqqında film çəkmək istəyirdi, onda biz bir-birimizi daha yaxından tanıdıq".