Əməkdar rəssam Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcək
  • MƏDƏNİYYƏT

  • 18:10 09 Aprel 2019

Əməkdar rəssam Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcək

Aprelin 12-də Muzey Mərkəzində Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcək.

ONA xəbər verir ki, Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirən tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraşı Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi daşıyır.  

1929-cu ildə Bakıda anadan olan sənətkar 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasını bitirib. O, əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb. 

Münəvvər Rzayeva 1997-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb. O, 2004-cü il iyunun 6-da Bakıda vəfat edib.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat da keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR