Mayın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilib.
ONA xəbər verir ki, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı olub.
Konsert proqramına XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr daxil idi. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.
İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsi Ansamblı dünya xalqlarının rəqslərini bədii interpretasiya və təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur. Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi bədii qorunub saxlanılır və yaradıcı şəkildə mənimsənilir.
Qrupun hazırda bədii rəhbəri – direktoru İqor Moiseyevin tələbəsi, Russiyanın Xalq artisti Yelena Şerbakovadır.
İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində mayın 31-də və iyunun 1-də də çıxış edəcək.