Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.
APA xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və ölkənin digər mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak edib.
AKİ sədri Rasim Balayev Rüstəm İbrahimbəyovun sənətini yüksək qiymətləndirib: "Adam var, evdən gedir, adam var, eldən. Rüstəmin ideyaları yaşayacaq. Rüstəmin yaradıcılığı, ssenariləri, kino düşüncəsi bundan sonra gənc kino adamları üçün nümunə olacaq. Bu sənətə gələn adamlar üçün, inkişaf etmək istəyən adamlar üçün məktəb olacaq. Amma həyatdır. Rüstəmin vəfatı mövcud reallıqdır. Mən onu da deyim ki, Rüstəmin vəfatından sonra ittifaqın da işlərində müəyyən çətinliklər var".
AYB sədri Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: "Rüstəm İbrahimbəyov dünya şöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik".
AYB katibi Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: "Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır. Allah böyük sənətkarımıza rəhmət eləsin. Qəbirüstü abidə də çox möhtəşəmdir. Hesab edirəm ki, Rüstəm özü də bu abidəni bəyənərdi".
Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: "Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik".
Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.