Şabran rayonu ərazisindəki eramızdan əvvəl (e.ə.) IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntıların növbəti mərhələsi zamanı Kür-Araz mədəniyyətinə xas olan yeni tikili qalıqları və manqal aşkarlanıb.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, dörd gündür başlayan qazıntı işləri I Çaqqallıqtəpədə aparılır.
Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir. İlkin araşdırmalar zamanı ərazidən dairəvi, üzəri yüngül konstruksiya ilə örtülmüş evlərin qalıqları və onun da içərisindən erkən tunc dövrü, Kür-Araz mədəniyyətinə xarakterik olan manqal aşkarlanıb.
Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, bu tipli manqallar Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə qeydə alınır və xarakterikdir. “Bunun özü bir daha sübut edir ki, Çaqqalıqtəpə yaşayış məskəni Kür-Araz mədəniyyətinin bir lokal variantı olaraq bölgə üçün xarakterik olan abidədir. Burdan tapılan materiallar da erkən tunc dövrünə, e.ə. IV minilliyin sonuna III minilliyin əvvəllərinə aiddir. Burdan saxsı qabların qalıqları, bütöv qablar, çaxmaq daşları, ox ucluqları, sümükdən hazırlanmış bizlər tapılıb. Bunlar da əhalinin təsərrüfat həyatı ilə bağlı nəticələr əldə etməyə imkan verəcək. Ötən mövsümlərdə qazıntı zamanı aşkarlanan qazma evlərdə də tədqiqatlar davam etdirilir. Biz bu evlərin girişlərinin hansı formada olduğunu və hansı formada örtüldüyünü aydınlaşdırmaq istəyirik”.
S.Aşurovun sözlərinə görə, Çaqqallıqtəpə abidələr kompleksində 5 eyni tipli abidə var. Şabran arxeoloji ekspedisiyasının rəhbəri bu vaxta qədər 3 abidədə arxeoloji tədqiqat işlərinin aparıldığını və onların hamısında mədəni təbəqənin eyni olduğunun aşkarlandığını qeyd edib. Digər 2 abidədə isə payızda araşdırmalar aparılacaq və xarakteri müəyyənləşdiriləcək.
Qeyd edək ki, Çaqqallıqtəpə ərazisindəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 min illik tarixə malik qazma evlər üzə çıxıb.