Nobel mükafatının Asiyada analoqu sayılan "Şao" mükafatının builki qalibləri müəyyən olunub.
ONA-nın science.gov.az-a istinadən verdiyi məlumata görə, bu il astronomiya sahəsi üzrə mükafata Günəş sisteminə dair biliklərin təkmilləşdirilməsi və planetlərarası əlaqələrin öyrənilməsindəki xidmətlərinə görə, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun professoru Edvard Stoun layiq görülüb.
Biologiya və tibb sahəsində "Şao" mükafatı DNT-nin zədələnmiş hissələrinin bərpası sahəsindəki işlərinə görə ABŞ-ın Cornell Universitetinin professoru Maria Yasinə verilib.
Riyaziyyat sahəsində mükafata isə konsentrasiya bərabərsizliyi, supremumların stoxastik proseslərinin öyərilməsində və spinli şüşələr sahəsindəki nailiyyətlərinə görə sorboniyalı riyaziyyatçı Mişel Talaqran layiq görülüb.
Qeyd edək ki, 2002-ci ildə xeyriyyəçi Şao Yifu tərəfindən təsis edilən bu mükafat hər il astronomiya, riyaziyyat, biologiya və tibb sahəsində kəşflər və mühüm nailiyyətlər əldə etmiş alimlərə verilir. Hər bir mükafatın məbləği 1 milyon 200 min ABŞ dolları təşkil edir.