Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın ONA-ya müsahibəsi
- Hazırda terminlərin yaradılmasında hansı prinsiplərdən istifadə olunur? Yəqin ki, sovet dövründəki prinsiplərin çoxu artıq keçərli deyil...
- Termin yaradıcılığı olduqca çətin və mübahisəli məsələlərdən biridir. Ancaq Azərbaycan dilində, eləcə də dünya dillərinin hər birində termin yaradıcılığı prosesində prinsiplər müəyyənləşmiş, formalaşmışdır. Bu prinsiplər nədir? Birinci növbədə termin yaradıcılığı hər bir dilin daxili imkanları hesabına baş verir. Hər hansı bir dildə termin yaradıcılığı getmirsə, o dil məhvə məhkumdur. Ona görə də mütləq yeni anlayışlar, yeni məfhumlar yaranan zaman birinci növbədə dilin daxili imkanları nəzərə alınmalıdır. Məsələn, müasir qloballaşma dövründə ən çox işlənən terminlərdən biri də “bazar” terminidir. Bu söz xalq arasında ümumişlək olan sözlərdən biri idi. Ancaq iqtisadiyyatda “bazar iqtisadiyyatı”, “bazar istehsalı”, “bazar münasibətləri” kimi terminlər yarandı. Yəni birinci növbədə prinsip budur ki, termin daxili imkanlar hesabına yaransın, ikinci növbədə isə alınmalar hesabına yaranmalıdır. Alınmaların yaranmasında müxtəlif proseslər özünü göstərir. Müstəqillikdən əvvəlki dövrdə biz bütün terminləri rus dilindən alırdıq. Müasir dövrümüzdə isə termin yaradıcılığı prosesində terminlərin əksəriyyəti Avropadan, birbaşa mənbə dilindən götürülür. Bu onun yazılışına da təsirini götürür. Məsələn, “kompüter” sözünü ilkin müstəqillik dövründə rus dilindən aldığımız üçün “kompyuter” yazırdıq, çünki rus dilində “yu” şəklində tələffüz olurdu. Ancaq hazırda onun ingilis dilində yazılışını qəbul etmişik, beləliklə, artıq “kompüter” kimi yazılır.
- Siz dediniz ki, əsasən dilin daxili imkanları hesabına terminlər yaradılır. Müstəqilliyin ilk illərində “bilgisayar” sözü geniş yayılmışdı. Sonralar istifadə olunmadı. Nədənsə bizdə türk dilində olduğu kimi “bazarlama” terminindən də istifadə edilmədi, “marketinq”ə üstünlük veririk. Belə çıxır, dilimizin daxili imkanından istifadə olunmur?
- Termin elmi dilin açarıdır. Ona görə də əksərən beynəlxalq terminlər seçilir. Əlbəttə, ilkin dövrdə “bilgisayar” sözü də “kompüter”lə yanaşı işlənirdi. Sonradan “bilgiyasar” dildən çıxdı. Dildə o termin qalır ki, işləklik qazansın. Əsas səbəb odur ki, termin xalq tərəfindən qəbul edilsin. Biz termini hazırlayıb xalqa təqdim edirik, xalq qəbul etməyəndə çıxarırıq. Məsələn, Terminologiya Komissiyası bir ara “aksioma” sözünü “özübəlli”, “nöqtə”ni “bənək”, “plyus”u “toplam” kimi verirdi, işləklik qazanmadı. Dildə süniliyə yol verilməməlidir. Hər hansı sahənin mütəxəssislərindən də çox şey asılıdır. Mütəxəssislər hansı sözə üstünlük verirlərsə, o söz də işləklik qazanır. Bizdə kompüterlə bağlı çoxlu alınmalar var, onları qəlibləşdirə bilmərik. Hansı terminlər beynəlxalq əhəmiyyətlidirsə, üçdən artıq dildə işlədilirsə, biz də olduğu kimi götürüb işlədirik.
- Kompüterin “maus”unu ruslar “mışka”, türklər “fare” kimi çevirirlər. Bizdə bu sahədə hələ də vahid termin yoxdur, “siçan” termini isə oturuşmayıb. Və yaxud “ikon” termini məktəblilərin informatika dərsliklərində “simgə” kimi verilib. Halbuki “simgə” sözü türkcədir, Azərbaycan dilində “simvol” işlədilir...
- Əvvəlcə təklif var idi ki, “siçan” yerinə “bələdçi” işlədilsin, sonra nəsə keçmədi. Bəzən hər hansı anlayışla bağlı bir neçə söz yaranır ki, bu da məqbuldur. Belə olan halda biz daha çox həmin sahənin mütəxəssislərinin seçimlərinə üstünlük veririk. Xalq “kompüter siçanı” sözünü işlətməsə də, mütəxəssislər işlədir. “Simgə” sözü bizim dialektlərdə işlənir, ona görə dərslikdə ondan istifadə edilib. Bilirsən, sözlərin işləklik qazanması uzunmüddətli prosesdir. Bir də görürsən, iki termin uzun illər bir-biri ilə savaşır, hansısa termin əvvəl üstünlük təşkil edir, sonralar öz yerini başqa terminə verir. Necə ki, “bilgisayar” sözü öz yerini “kompüter”ə verdi. Məsələn, bayaq nümunə gətirdiyin “marketinq” sözü beynəlxalq termindir. Onu kalkalaşdırıb Azərbaycan dilində qarşılığını yaratmaq vacib deyil.
- “Atvyorka”, “vklyuçatel”, “razetka” və bu qəbildən olan başqa sözlərin dilimizdə qarşılığı olsa da, işlənmirlər. Səbəb nədir? Bu sözlərin azərbaycanca qarşılıqları süni şəkildə yarandığı üçün istifadə olunmadılar?
- Yeni söz düzəltmək çox çətin prosesdir. Biz deyirik dilimiz zəngindir, amma dilimizə nə qədər alınma söz daxil olub. “Atvyorka” “buraç”, “razetka” “elektrik yuvası” kimi işlənir.
- Axı bu sözlər dildə işlənilmir...
- İşlətməyə çalışmalıyıq. İstər televiziyada, istər mətbuatda, istərsə də ailədə işlədilməsi vacibdir ki, xalq tərəfindən də qəbul edilsin.
- Dilimizə yeni daxil olmuş sözlərdən biri də “kurikulum”dur. Məktəblilər onun tələffüzündə bir sıra hallarda çətinlik çəkirlər. Olmazmı ki, o termin başqası ilə əvəzlənsin?
- “Kurikulum” sözünün mənası qiymətləndirmə deməkdir, iki “R” ilə yazılırdı, biz onu sadələşdirərək bir “R” ilə yazılmasına qərar vermişik. O sözü dəyişdirə bilmərik, beynəlxalq termindir.
- Sayalı xanım, “Youtube”, “Facebook”, “İnstagram”, “Twitter”, “Whatsap” kimi adlar dilimizdə olduğu kimi yazılmalıdır, yoxsa necə səslənirsə, o cür də saxlanılmalıdır?
- Yeni qəbul olunan qaydalara görə, “W” ilə olan sözlər dilimizdə “V” hərfi ilə yazılır, “Vatsap” da, “vay-fay” da. Azərbaycan dilində terminlərin yazılışı zamanı fonetik prinsip əsas götürülür. O cümlədən “Feysbuk”, Yutub”, “İstaqram”, “Fayl”, “Quql” kimi terminlər brend olmalarına baxmayaraq, dilimizdə olduğu kimi deyil, necə tələffüz edilirsə, o cür də yazılır. Bizə irad bildirirlər ki, bu sözlər brenddir, onları dəyişmək olmaz. “Coca-Cola” sözünü dəyişmirik ki, olduğu kimi saxlamışıq.
- “Coca-Cola” sözünü adi içki kimi işlədəndə də dəyişə bilmərik?
- Yox. Olduğu kimi saxlanılır. Məsələn, “Space” kanalı da ingiliscə yazılır, onu da olduğu kimi saxlayırıq. Ya da “SOCAR”. Onu da olduğu kimi saxlayırıq, dünyanın harasına gedirsən-get, “SOCAR” yazılır, dəyişmir. Amma müəyyən terminlər var ki, onlar dilimizdə necə tələffüz olunursa, o cür yazılır. Biz bu terminlərin siyahısını tərtib etmişik. Artıq qaydalar da müəyyənləşib.
- Dilimizdə elə sözlər var ki, SSRİ-dən qalma ənənə ilə yanlış yazılır və tələffüz olunur. Məsələn, “qoroskop” sözünün də orijinalı “horoskop”dur, biz isə hələ də ruslar kimi yazırıq...
- “Hotel” sözünü də əvvəllər rus dilində olduğu kimi “otel” yazırdıq. Amma hazırda mənbə dilində necədirsə, o cür yazmağa başlamışıq. Yəni deməyim odur ki, əvvəllər rus dilindən aldığımız sözlərin bir çoxu mənbə dilində necədirsə, o cür yazılmağa başlayıb. Bu proses artıq gedir.
- Yeni adların qəbulu ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda şəxs adları lüğəti hazırlanıb, ora 1200 adı yeni daxil etmişdik. Amma ümumilikdə Azərbaycanın ad sistemində 12 minə qədər ad var. Həmin kitabda daha çox işlək olan 7500 ad daxil edilib, bu kitab bütün qeydiyyat idarələrinə paylanılıb. Son bir neçə ildə isə dilimizə 800-ə qədər yeni ad keçib, biz onların da izahını, mənasını verərək 2020-ci ildə nəşr olunacaq şəxs adları lüğətinə daxil edəcəyik. O kitab da qeydiyyat idarələrinə təqdim ediləcək.
- Soyadlarda “ov”, “yev”-dən istifadə azalıbmı, yoxsa sabit qalır?
- “Ov”, “yev”-dən istifadə həddindən artıq azalıb. Biz hazırda soyad verilməsində “lı”, “li”, “lu”, “lü”, “soy”, “zadə” sonluqlarının artdığını müşahidə edirik. “Oğlu”, “qızı” sonluqlarından istifadə edənlərin də sayı çoxalıb. Baxırsan ki, iki qardaşdır, biri soyadını “zadə” ilə, o biri “lı”, “li” ilə yazdırır.
- Azərbaycan dilinin qorunması, inkişafı məqsədilə Prezidentin sərəncamına əsasən Dil Komissiyası yaradılıb, siz də Komissiyanın üzvüsünüz. Deyə bilərsinizmi, ən çox hansı nöqsanlara yol verilir?
- Ən çox televiziya və mətbuatda ədəbi dil normalarının pozulması müşahidə edilir. Reklamların dilində də daha çox alınmaların işlənməsi və cümlələrin üslubi cəhətdən düzgün qurulmaması problemləri müşahidə olunur. Bu kimi problemlər çox böyük narazılıqlar yaradır. Monitorinq mərkəzi hazırda müşahidələr aparır, televiziya və mətbuatda cümlənin quruluşu, ədəbi dil normalarının pozulması, vurğunun yerinin düzgün müəyyənləşdrilməməsi, yaxud Azərbaycan dilində söz ola-ola ingilis, rus dilində sözlərin verilməsi kimi pozuntular qeyd edilir. Hazırda ən çox pozuntu ədəbi dil normalarının pozulmasıdır: mübtəda-xəbərin yerinin dəyişdirilməsi, “mışdır”, “müşdür” şəkilçilərinin daha az işlənməsi, onların yerini “ıb”, “ib” şəkilçilərinin alması. Bu nöqsanlar kitabça şəklində nəşr olunaraq, radio-televiziyalara, saytlara göndərilir.
- Yol verilən xətalara görə cərimələr tətbiq olunacaq?
- Bununla bağlı institutumuzun (Nəsimi adına Dilçilik İnstitutu - M.A.) direktoru Möhsün Nağısoylu da öz təkliflərini verib. Mənim ətraflı məlumatım yoxdur. Ancaq fikirləşirəm ki, cərimələrdənsə, daha çox maarifləndirmə işi aparılmalıdır. Reklamlarla da bağlı düşünürəm ki, onların mətni əvvəlcə dil qurumu ilə razılaşdırılmalı, yalnız bundan sonra reklam agentliyinə qaytarılmalı və o reklam vurulmalıdır. Biz bu mexanizmləri hazırlayıb Komissiyaya təqdim etmişik.
- Qanunların dili ilə əlaqədar da şikayətlər çox olur...
- Bizə də bu barədə çox şikayət gəlir. Qanunlarımızın dili Azərbaycan dili deyil, daha çox tərcümə dilidir. Çoxu başqa dillərdən tərcümə olunur deyə, ana fikir öz əksini tapmır. Qanunların dili o qədər sadə olmalıdır ki, hər kəs başa düşsün. Düşünürəm ki, bununla bağlı müəyyən mexanizm də düşünmək lazımdır. Qanunlar hazırlanan zaman dilçilərlə razılaşdırılmalıdır. Əlbəttə, Dil Komissiyası bu kimi problemlərin aradan qaldırılması məqsədilə çox mühüm işlər aparır. Bu gün biz desək ki, dilimiz tam qorunur, səhv etmiş olarıq. Çünki dil canlı prosesdir. Həmişə inkişaf edir, təkmilləşir və nəhayət, mükəmməl səviyyəyə çatdırılır. Bu gün bizim dilimizin gələcək nəsillərə çatdırılma istiqamətində görüləcək işlərimiz çoxdur.