• MƏDƏNİYYƏT

    11:05 21 fevral 2019

“Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub

Fevralın 20-də Azərbaycan Xalça Muzeyində böyük ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub.

ONA xəbər verir ki, “Şekspir xalçalarda” müsabiqəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib.

Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin təşkilinə və keçirilməsinə dəstək göstərdiklərinə görə Böyük Britaniya səfirliyinə və “British Council” nümayəndəliyinə təşəkkür edərək deyib: “Belə tədbirlər Azərbaycan ilə Böyük Britaniyanı mədəniyyət və incəsənət sahəsində daha da yaxınlaşdırır. Hesab edirəm ki, biz əməkdaşlığımızı möhkəmləndirməli və inkişaf etdirməliyik”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts və “British Council” nümayəndəliyinin direktoru Samr Şah müsabiqənin qalibləri Telman Şıxıyevin (mütləq qalib), Sürəyya Muğanlının (ümumi kateqoriyada qalib) və Aydan Sadıqbəylinin (münsiflər heyətinin xüsusi mükafatı) işlərinə tamaşa ediblər.

Xalçalar bir ay ərzində muzeydə nümayiş etdiriləndən sonra Britaniya muzeylərinə veriləcək.

Sonda Xalça Muzeyinin direktoru Şirin Məlikova Baronessa Emma Nikolsona xatirə hədiyyəsi təqdim edib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR