Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncamda 2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyinin tamam olduğu bildirilib.
Qeyd olunub ki, Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərib.
Sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.