Aprelin 18-i saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək.
ONA xəbər verir ki, tədbir çərçivəsində mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslər və təşkilatlar mükafatlandırılacaq.
Həmçinin “İrs” layihəsi çərçivəsində nəşr edilmiş “Daş keşikçiləri” adlı kitab təqdim olunacaq.
Həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan ediləcək. Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş 18 aprel tarixində ödənişsiz olacaq.
Qeyd edək ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.