2019-cu il Türkiyədə mədəniyyət və ədəbiyyat mühitində “Aşıq Veysəl ili” elan olunub. Bu münasibətlə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada Prezident Administrasiyasının Simfonik Orkestr Konsert salonunda açılış tədbiri keçirilib.
ONA-nın Türkiyə bürosundan verilən xəbərə görə, türk dünyasında görkəmli ozan və şair kimi tanınan Aşıq Veysəlin 125-ci illiyi “Aşıq Veysəlin anım ili konserti” və “Rənglərdəki işıq Aşıq Veysəl” adlı sərgiylə qeyd olunub. Konsertdə Aşıq Veysəlin şeirləri, şeirlərinə bəstələnmiş mahnılar, TRT Ankara Radiosunun çoxsəsli xoru, ozanların ifaları səsləndirilib.
Qeyd edək ki, “Aşıq Veysəl ili” qeyd olunmazdan öncə bu ilin Azərbaycanda "İmadəddin Nəsimi ili" kimi elan olunması ilə əlaqədar “Nəsimi-650” yubileyinə dair Ankarada və İstanbulda təntənəli konsertlər keçirilib. Bu tədbirlər il boyu türkdilli ölkələr arasında, eləcə də Avropanın bəzi şəhərlərində baş tutacaq.