Britaniyalı aktyor, “Ulduz müharibələri” kinosaqasının unudulmaz qəhrəmanı Çubakkanın ifaçısı Piter Meyhyu 75 yaşında vəfat edib.
ONA xarici KİV-ə istinadən xəbər verir ki, aktyor aprelin 30-da dünyasını dəyişsə də, onun ölüm xəbəri bu gün yayılıb.
218 sm boyu olan P.Meyhyunun bu özəlliyi onun aktyor kimi yetişməsinə təkan verib. “Ulduz müharibələri”nin əfsanəvi rolu üçün seçilərkən də aktyora boyunun çox hündür olması kömək edib. Kinosaqanın rejissoru Corc Lukasın sözlərinə görə, Meyhyudan Çubakka rolu üçün tələb olunan yalnız ayaqüstə dayanmasıdır.
P.Meyhyu Çubakka rolunu 1977-ci ildən ifa edib. Sonuncu dəfə bu kostyumu o, 2015-ci ildə geyinib.
2013-cü ildə aktyorun dizlərində cərrahi əməliyyat aparılıb, ancaq sonradan əsa ilə gəzmək məcburiyyətində qalıb. 2018-ci ildə isə onun onurğa sütunu da əməliyyat olunub.