• MƏDƏNİYYƏT

    17:05 15 may 2019

UNESCO-da “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” beynəlxalq forumunun açılışı olub

Parisdə UNESCO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı beynəlxalq forumunun açılışı olub.

ONA-nın xəbərinə görə, Forumu Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı açaraq, Böyük Çölün tarixi və əhəmiyyəti haqında məlumat verib.

UNESCO-nun baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Forum iştirakçılarını qurumun Baş direktoru adından salamlayıb və Foruma uğurlar diləyib. O, UNESCO yanındakı Azərbaycan daimi nümayəndəliyinə Forumun təşkilinə verdiyi töhfəyə görə təşəkkür edib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” kimi aktual mövzuya həsr edilmiş Forumun UNESCO-nun himayədarlığı ilə qurumun mənzil-qərargahında keçirilməsi türk etnosunun qədim tarixinin türkdilli xalqların bəşər sivilizasiyasında misilsiz rolunun təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulanıb. Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirin keçirilməsi məmnunluq doğurduğu, klassik Azərbaycan poeziyasında ictimai fəlsəfi fikir tariximizdə İmadəddin Nəsiminin müstəsna yeri nəzərə alınaraq 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb.

Məktubda ümumbəşər mədəniyyəti xəzinəsini öz yaradıcılığı ilə zənginləşdirmiş qüdrətli söz ustadı İmadəddin Nəsimiyə həsr olunan yubiley tədbirinin Forum çərçivəsində təşkili yüksək qiymətləndirilib.

“Ümidvaram ki, dövlət xadimlərinin, tarixçilərin və türkoloqların iştirakı ilə türk dünyasının ortaq mənəvi-mədəni dəyərlərinə dair fikir mübadiləsi və müzakirələrin aparılacağı bu Forum türkdilli ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir. Tarixi irsimizin araşdırılması sahəsində ardıcıl fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini təqdir edir, Forumun işinə uğurlar arzulayıram”, - deyə məktubda bildirilib.

Türkiyə və Qırğızıstanın Fransadakı səfirləri, Beynəlxalq türk Akademiyasının prezidenti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti çıxış edərək Forumun əsas məqsədləri haqqında məlumat veriblər. Bildirilib ki, Forum işini üç paneldə türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələrin elmi müzakirələri ilə davam etdirəcək.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi qeyd olunacaq.

Foruma Beynəlxalq Türk Akademiyasına üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdən 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimləri qatılıb.

Azərbaycandan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Macarıstandakı səfirimiz Vilayət Quliyev çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkanda ümumi fikirləri və mədəniyyəti yaradan dəyərlər, fəaliyyətlər, tendensiyalar və əlaqələndirici şəxsiyyətlər haqqında müzakirələrə qoşulacaq və fikirlərini bildirəcəklər.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR