• MƏDƏNİYYƏT

    11:08 16 may 2019

UNESCO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (BTA) təşkil etdiyi “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forum çərçivəsində türk dünyasının böyük mütəfəkkirləri Nəsiminin 650, Əhməd Ağaoğlunun isə 150 illik yubileyləri qeyd olunub.

ONA-nın xəbərinə görə, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi İli” elan etməsini və Ə.Ağaoğlunun yubileyinin yüksək səviyyədə təşkilinə dair sərəncamını, eyni zamanda onların türk mədəniyyətinə misilsiz töhfələrini nəzərə alaraq, UNESCO-da keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə birlikdə hər iki mütəfəkkir barədə müzakirələr apardıqlarını bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirin keçirilməsinin məmnunluq doğurduğu ifadə olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının tanınmış şəxsiyyətləri, o cümlədən Nəsimi ilə bağlı beynəlxalq əhəmiyyətli platformalarda müzakirələrin əhəmiyyətinə toxunub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Böyük Çöldə zövq, düşüncə, mədəniyyət ortaqlığı yaradan dəyərlər, əsərlər, cərəyanlar və körpü şəxsiyyətlər”, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Əhməd Ağaoğlunun dünyagörüşünün formalaşmasında Fransa mühitinin rolu”, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Mədəniyyətdən kənar gələcək varmı: Nəsiminin əsərlərində insan sevgisi” mövzularında məruzə ediblər.

Dünyanın müxtəlif ölkələrindən elm adamları və dövlət xadimlərinin qatıldığı Forumun birinci panelində dünya tarixində mövcud olan böyük çöllərin əsrlər boyu təkamülü, ikinci paneldə türk sivilizasiyası, onun dünya mədəniyyətinə verdiyi töhfələri və sonuncu paneldə türk tarixi, yeni yanaşma və perspektivləri ətrafında müzakirələr aparılıb.

Forum çərçivəsində Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, Qızıl Orda dövlətinin qurulmasının 750, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi də qeyd olunub.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR